Məndə loqo var!

Haqqımızda

Belə hallara tez-tez rast gələrsiz: bir loqonu tapmaq lazımdır, amma ya onlayn tapılmır, ya da o qədər bərbad şəkildə tapılır ki, tapılmaması ondan yaxşıdır. Belə xırda neqativ şeylər yığılıb, yığılıb, hansısa anda dizaynerin ya həyatdan küsməsinə, ya da şəxsi loqo bazası yaratmasına gətirib çıxardır. Biz düşündük, düşündük, və əlimizdə olan bazanı bu veb-saytda hər kəsə əlçatan edib, digər dizaynerləri də bizə qoşulmağa səsləməyə qərar verdik. Axırı nə olacaq - hələ bilmirik, amma parlayan qəlblərimiz optimistik və altruistik fikirlərlə doludur.
Qəlblərinizdəki harmoniya və inkişaf sevgisi uzaqdan görünür, odur ki, çəkinməyin, tənbəllik etməyin, dizayn bazarımızın keyfiyyətini artırmaqdan ötrü bu xırda addımda bizə qoşulun - loqolarınızı bizə göndərin.
Bu səhifədə belə bir çağırışın nə gəzdiyini anlamayanlar isə aşağı baxsın.


Ciddi

Loqotip - Azərbaycan seqmentində istifadə edilən loqoların vektor fayllarının, həmçinin dizaynerə lazım olan bəzi materialların və internetdə geniş şəkildə tapılmayan, amma ictimaiyyətə açıq olan digər materialların (məs. gerb, xəritə və s.) vahid bazasıdır.

Bu servisin yaranmasının yeganə səbəbi zəruriyyətdir. Niyə bundan əvvəl belə sayt meydana gəlməyib - bilmirik. Biz kiçik professional komanda olaraq bu layihəyə həvəskar kimi başlamışıq. Saytdan gəlir əldə etmir, saytın funksional qalması üçün zəruri ödənişləri öz hesabımızdan qarşılayırıq. Əgər saytın işləməsində hər hansı problem yaranarsa, bunu səbrlə qarşılamağa və dəstək olmağa çağırırıq. Hal-hazırda saytın faydalılıq əmsalı tam olaraq istifadəçilərin bizimlə paylaşdığı loqoların sayından asılıdır. Odur ki, hər kəsi vektor loqoları bizə göndərərək rahat bir servisin yaranmasına töhfə verməyə çağırırıq. 

Saytda düzəlişlər və əlavələr davam edir.


Loqo paylaşma

Əlinizdə olan vektor loqoları bizə göndərdikdə, biz bir neçə gün ərzində onları gözdən keçirib, qəlibə oturdub, sizin adınızdan paylaşırıq. Loqo göndərərkən fayllardan əlavə sizdən adınız, elektron poçtunuz, linkqeyd istənilir. Elektron poçt məxfi saxlanılır - bu, sizin adınıza avtomatik istifadəçi yaradılması üçün lazımdır. Birinci dəfə fayl göndərərkən yazdığınız ad və soyad qeyd etdiyiniz elektron poçta bağlanır. Sonradan adınızı dəyişmək üçün Əlaqə bölməsindən bizə müraciət etməlisiniz. Adınız materialın səhifəsində "Göndərən" bölməsində görünür. Link - sizin adınıza klik etdikdə açılacaq linkdir, bura istədiyiniz linki və ya istədiyiniz elektron poçtu yaza bilərsiniz. Qeyd hissəsi göndərdiyiniz materialların müəllifləri və digər qeydləriniz üçün nəzərdə tutulub.


Fayl formatları

Vektor fayl formatları getdikcə universallaşdığına görə biz xüsusi hal yaranmayana qədər yalnız SVG PDF formatlarını paylaşırıq. InDesign və digər bənzər proqramlar SVG ilə bağlı problemlərini aradan qaldırsalar PDF-in də mübadilədən çıxma ehtimalı olar. Digər formatları paylaşmağa/SVG formatını paylaşmamağa məcbur edən xüsusi hallar: faylın tərkibində rastr obyekt, qeyri-standart qradientlər, faylda CMYK rəng rejiminin zəruriyyəti, faylın tərkibindəki fiqurların qeyri-standart xüsusiyyət/tələbləri və SVG/PDF-ə sığmayan digər xüsusiyyətlər.


Hüquqi məsələlər

Bu saytın məqsədi ödənişli/məxfi məzmunu ödənişsiz və şəffaf şəkildə paylaşmaq deyil. Paylaşılan materiallar heç bir qanunu pozmur və müzakirəyə açıqdır. Bu saytda paylaşılan materialların məhz bu saytda olmasının, açıq istifadədə olmamasının səbəbi Azərbaycan brendlərinin dünya üzrə alternativ saytlarda paylaşılmamasıdır (çünki bizim brendlər dünyada heç kəsə lazım deyil). Loqonu istənilən dizayner vektorlaşdıra bilər, buna görə də vektor loqonun əlçatan olması əksinə əlverişlidir, çünki işi rahatlaşdırmaqdan başqa bir şey etmir.